Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali-İmran surəsi, 92)
Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ənam surəsi, 116)
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)
(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)
...Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31)
Xeyr, siz DÜNYA HƏYATInı üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir. (Əla surəsi, 16-17)
Sən onları bir müddət öz şaşqınlıqları içində burax! Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 54-56)
Allah’dan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allah’ın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər. (Əraf surəsi, 201-202)
Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hücurat surəsi, 11)