

O, həm də: "Allah Özünə övlad götürdü!" - deyənləri qorxutmaq üçün nazil etdi. Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar ancaq yalan deyirlər! (Kəhf surəsi, 4-5)
“Kəhf” surəsinin 4 və 5-ci ayələrində xristianların Allah haqqındakı böyük böhtanlarına diqqət çəkilmişdir. Xristianlar ortaya atdıqları azğın üçləmə inancı ilə öz dinlərini pozmuş və batil bir din meydana gətirmişlər. Ayələrdə onların etdikləri bu böyük təxribat bu şəkildə qeyd edilmişdir:
Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allah’ın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allah’a və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa, Onundur. Allah’ın vəkil olması bəs edər! (Nisa surəsi, 171)
(Müşriklər:) "Allah Özünə övlad götürdü!" dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allah’a qarşı bilmədiyiniz şeyimi deyirsiniz?(Yunus surəsi, 68)
Bu, şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allah’ın buyurduğu) haqq sözdür! Allah’a (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar. (Məryəm surəsi, 34-35)
Şübhəsiz “Kəhf” surəsinin bu ayələrində və yuxarıdakı ayələrdə diqqəti cəlb edən bu fikir tam olaraq müşrik inancıdır. Quranda bildirildiyi kimi, Allah yoldaşı və bənzəri olmayan, uşaq götürməkdən münəzzəh olan, hər şeyin tək hakimi və hökmdarı, göylərin və yerin Rəbbidir. Axırzamanda yaşayan müsəlmanlar xristianların öz müqəddəs kitablarını təhrif edərək ortaya atdıqları bu azğın iddialarının etibarsızlığını insanlara izah etməklə məsuldurlar.
Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq. (Bu adamın) başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!"(Kəhf surəsi, 32-34)
Ayələrdə verilən bu nümunədə hidayət əhli bir insan ilə Allah’a iman etdiyini söyləyən, lakin əslində inkarçılardan olan bir insan göstərilmişdir. Ayədə bəhs edilən bağ sahiblərindən biri digərindən daha zəngindir. Mal baxımından üstün olması həmin şəxsin Allah’a qarşı təkəbbürlənməsinə səbəb olmuşdur.
Halbuki, hər şeyi yoxdan var edən Rəbbimiz mülkün tək sahibidir. Allah mal və mülk verərək insanları necə davranacaqları ilə sınayır. Bəzi insanlar vardır ki, bu mal və mülkü öz müvəffəqiyyətləri, səyləri və zəkaları ilə əldə etdiklərini zənn edərək nankorluq edirlər. Malın çoxluğuna sevinir, bunu insanlar arasında bir lovğalanma və prestij hesab edirlər. Saleh möminlərin rəftarı isə “Ali- İmran” surəsində bildirildiyi kimidir:
De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali-imran surəsi, 26)
Ayədə bildirilən bağ sahiblərindən biri, bağçaları və məhsulları özününkü zənn edərək Allah’a qarşı çox böyük nankorluq edir. Əslində özünə aid olmayan, Allah’ın yalnız bir nemət və sınaq üçün verdiyi mallara sahib çıxmışdır. Bu sahiblənmə duyğusu ilə təkəbbürə qapılmışdır. Allah lovğalanmağın çirkinliyini ayələrdə bu şəkildə xəbər vermişdir:
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən, pis şeylərdir. (İsra surəsi 37-38)
Allah Quranın daha bir çox ayəsində belə insanların alacaqları cavabı göstərmişdir. Bu ayələrdən bəziləri bunlardır:
(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. Belə deyildir, tezliklə biləcəksiniz! Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz! Belə deyildir. Əgər elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz. Sonra, şübhəsiz, onu eynül-yəqinlə (cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz. Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız. (Təkasür surəsi, 1-8)